XƏBƏRLƏR
Azərbaycan Universitetində Dünya Autizm Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
Azərbaycan Universitetində Dünya Autizm gününə həsr olunmuş “Fərqliyik, amma sizdən biriyik” adlı elmi-praktik seminar keçirilib. Seminar Sosial işin təşkili kafedrasının müəllimi, inklüziv təhsil üzrə mütəxəssis, korreksiyaedici pedaqoq Aynur Abdullayevanın təşəbbüsü ilə II kurs Korreksiyaedici pedaqogika ixtisası tələbələri üçün keçirilib.
Seminarın əsas məqsədi autizmli uşaqların ailələrinin qarşılaşdığı çətinliklərə diqqət çəkmək, ailələrin autizmlə mübarizə təcrübəsini təqdim etmək, valideynlərin övladlarının inkişafına göstərdiyi qayğı və dəstəyi vurğulamaq, həmçinin autizmli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı vacib mesajları çatdırmaq olub.
Aynur Abdullayeva çıxışında qeyd edib ki, autizm sindromlu şəxslərin sosial problemlərinin öyrənilməsi və onlara göstərilən diqqətin artırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il 2 aprel tarixi Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilir.
Seminarda autizm sindromunun xüsusiyyətləri, davranış xüsusiyyətləri və yaratdığı çətinliklər barədə məlumat verilib, autizmli uşaqlarla işləmək üçün tətbiq olunan xüsusi metod və testlər, eləcə də praktik yönümlü yanaşmalar tələbələrə izah olunub.
Mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib, seminar interaktiv müzakirə ilə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova çıxış edərək mövzunun aktuallığını vurğulayıb, seminarın tələbələrin peşəkar hazırlığına verdiyi töhfəni xüsusi qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
