XƏBƏRLƏR
“Tədrisin təşkili və tütor fəaliyyəti” təlimi üzrə sertifikatlar təqdim olunub
Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin birgə təşkilatçılığı ilə akademik məsləhətçilər üçün keçirilən “Tədrisin təşkili və tütor fəaliyyəti” təlim kursunu uğurla başa vuran heyət üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.
Mərkəzin müdiri Samir Salayev tərəfindən həyata keçirilən təlim iştirakçıların ilkin qiymətləndirilməsi, təlimin interaktiv formada təqdimatı və iştirakçıların yekun qiymətləndirilməsi mərhələlərindən ibarət olub. Təlimlər zamanı tütor fəaliyyənin əsasnaməsi və prosedur qaydalarından irəli gələn məsələlərə situativ tapşırıqlar üzərindən baxılaraq müzakirələr təşkil olunub. Həmçinin tədrisin təşkili və tütor fəaliyyətinin daha effektiv idarə olunması üçün müasir yanaşmalar və praktiki strategiyalar iştirakçıların diqqətinə çatdırılıb.
Təlim müddətində iştirakçıların ilkin və yekun qiymətləndirmə nəticələri təhlil olunub və sertifikatlar uğur qazanan iştirakçılara təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi


















