XƏBƏRLƏR

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının 20 illik yubileyi qeyd edilib

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının  20 illik yubileyi qeyd edilib

10 fevral 2026

Baxış sayı: 154

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) 20 illik yubileyi qeyd olunub. Tədbirdə Azərbaycan Universitetinin rəhbərliyi, müəllim-tələbə və inzibati heyət üzvləri, valideynlər, TGT-nin idarə heyəti, müxtəlif ali təhsil müəssisələrinin TGT sədrləri, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Tədbirin rəsmi hissəsində TGT-nin 20 il ərzində keçdiyi inkişaf yolu, uğurları, həyata keçirdiyi layihələr, eləcə də tələbələrin ictimai fəallığının artırılmasında oynadığı rol barədə məlumat verilib. Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov təbrik nitqi ilə çıxış edərək TGT üzvlərini yubiley münasibətilə təbrik edib, təşkilatın tələbə–universitet münasibətlərinin möhkəmləndirilməsində, gənclərin təşəbbüskarlığının və liderlik bacarıqlarının inkişafında mühüm platforma olduğunu vurğulayıb. TGT sədri Hüseyn Rüstəmli təşkilatın formalaşmasında əməyi olan bütün keçmiş sədrlərə, idarə heyətinin üzvlərinə və fəal tələbələrə təşəkkür edib, yeni layihələrlə tələbə həyatına töhfə verməyə davam edəcəklərini bildirib.  

Tədbir konsert proqramı ilə davam edib. Tədbirin bədii hissəsi müğənni Mərdan Kazımovun ifası ilə başlayıb. Ardınca Babək Əfəndi, Samirə Rəcəbli, Nell, müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənnilər Nadir Rüstəmli, Fəxri İsmayılov, İlkin Dövlətov, “Mamagama” musiqi qrupu sevilən və geniş auditoriya tərəfindən rəğbətlə qarşılanan mahnılarını ifa edərək tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş ediblər. Bədii hissədə universitetin Tələbə Gənclər Təşkilatının “CreArt” mədəniyyət klubunun sədri, tədbirin aparıcı və Mühasibat ixtisası üzrə II kurs tələbəsi Nigar Həsənli də iki mahnı ifa edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR