XƏBƏRLƏR

Azərbaycan Universitetində Ümumdünya Sağlamlıq Günü qeyd olunub

Azərbaycan Universitetində Ümumdünya Sağlamlıq Günü qeyd olunub

06 aprel 2026

Baxış sayı: 67

Azərbaycan Universitetində 7 aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Elmə əsaslanaraq köməkçi texnologiyaların səhiyyə və sosial qayğı üzrə peşəkar təlim proqramlarına inteqrasiyası” mövzusunda təlim keçirilib. Təlimdə Sosial iş ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. 

Təlimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin Əlillik, reabilitasiya və köməkçi texnologiyalar üzrə mütəxəssisi Turanə Əliyeva aparıb. O, əvvəlcə tələbələrə Ümumdünya Sağlamlıq Gününün tarixi barədə məlumat verib. Bildirib ki, bu gün hər il aprelin 7-də ÜST-nin yaranması münasibətilə qeyd olunur və 1950-ci ildən etibarən qlobal səhiyyə üçün aktual mövzulara diqqət çəkir, sağlam həyat tərzinin təşviqinə xidmət edir. 2026-cı ilin şüarı “Sağlamlığa doğru – elm ilə birlikdə” (One Health – Vahid Sağlamlıq yanaşması ilə) olaraq müəyyən edilib və məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal səhiyyə problemlərinə yönəltməkdir.

Tədbirdə əsas diqqət köməkçi texnologiyaların səhiyyə və sosial qayğı üzrə peşəkar təlim proqramlarına inteqrasiyasına yönəldilib. Vurğulanıb ki, güclü səhiyyə və sosial qayğı sistemləri məhz elmə, tədqiqata və dəlillərə əsaslanmalıdır.

Turanə Əliyeva tələbələrə ÜST-ün köməkçi texnologiyalar, reabilitasiya və inklüziv səhiyyə sistemlərinin gücləndirilməsi üzrə dəlillərə əsaslanan resursları haqqında məlumat verib, həmçinin köməkçi Məhsullar üzrə Təlim (TAP) platformasında Azərbaycan dilində mövcud olan köməkçi texnologiyalar (KT) kursunu təqdim edib.

Sonda tələbələrlə mövzuya dair interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı reabilitasiya xidmətlərinin, köməkçi texnologiyaların və inklüziv səhiyyə sistemlərinin əhəmiyyəti ön plana çəkilib. Xüsusilə yaşlanan əhali, qeyri-infeksion xəstəliklərin və xəsarətlərin artması kimi demoqrafik və epidemioloji dəyişikliklər fonunda bu sahələrin rolu xüsusi qeyd olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR