XƏBƏRLƏR

Marketinq və Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil proqramlarının müzakirəsi təşkil olunub

Marketinq və Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil proqramlarının müzakirəsi təşkil olunub

18 iyul 2025

Baxış sayı: 184

Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin təşəbbüsü və İqtisadiyyat və idarəetmə kafedrasının təşkilatçılığı ilə bakalavriat səviyyəsində Marketinq və Biznesin idarə edilməsi ixtisasları üzrə tətbiq olunan təhsil proqramlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə “Global Oilfield and Mining Supply Co Ltd” şirkətinin direktoru Elşən Pənahov, Biznes və iqtisadiyyat fakültənin dekan müavini Nahid Almasov, Keyfiyyət təminatı şöbəsinin mütəxəssisi Səkinə Nadirova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, kafedranın bir qrup müəllim heyəti, universitetin məzunları Ləman Quliyeva və İsmayıl Hüseynzadə iştirak edib. Görüşdə iştirakçılar proqramların məzmunu və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Tədbirin əsas məqsədi mövcud təhsil proqramlarının müasir əmək bazarının tələbləri, texnoloji yeniliklər və ali təhsildə beynəlxalq keyfiyyət meyarlarına uyğun şəkildə yenilənməsinə dəstək vermək, fənlərin praktik yönümlülüyünü gücləndirmək və proqram nəticələrinin səmərəliliyini artırmaq olub.

Çıxışlar zamanı vurğulanıb ki, əmək bazarının sürətli inkişafı və texnoloji çağırışlar təhsil proqramlarının da dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Bu baxımdan proqramların real sektorun ehtiyaclarına cavab verəcək şəkildə yenilənməsi və tələbələrin praktik bacarıqlarının formalaşdırılmasına yönəlmiş komponentlərin artırılması əsas prioritet kimi dəyərləndirilib.

Əmək bazarının nümayəndəsi Elşən Pənahov çıxışında müasir mütəxəssislər üçün ingilis dili biliklərinin və informasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarının vacibliyini xüsusi qeyd edib. O, ali təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmamalı olduğunu, tələbələrin peşəkar hazırlığını dəstəkləyən praktiki təcrübələrin tədris müddəti boyunca mərhələli şəkildə və dərslərlə paralel təşkil olunmasının daha səmərəli nəticələr verəcəyini bildirib.

Müzakirələr zamanı bəzi fənlərin aktuallığını itirdiyi və bu səbəbdən onların ya proqramdan çıxarılması, ya da yenidən işlənməsi ilə bağlı təkliflər səsləndirilib. Xüsusilə Rəqəmsal marketinq, Davamlı biznes strategiyaları və Startapların idarə olunması kimi müasir sahələrin tədris proqramlarında yer almasının vacibliyi vurğulanıb. Eyni zamanda fənlərin hansı semestrlərdə tədris olunmasının funksionallığı da nəzərdən keçirilib və daha ardıcıl bölgü variantları müzakirə olunub.

Təlim nəticələrinin proqram üzrə çıxış nəticələri ilə uyğunlaşdırılması məsələsi də diqqət mərkəzində olub. Bu istiqamətdə yenilənmiş və daha məqsədyönlü nəticə bazasının hazırlanması tövsiyə edilib.

Görüş qarşılıqlı faydalı əməkdaşlığın qurulması, tədrisin keyfiyyətinin artırılması və tələbələrin praktik biliklərinin inkişafı baxımından əhəmiyyətli və məhsuldar müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR