Filologiya (ingilis dili və ədəbiyyatı)

  • İxtisasın adı: Filologiya (ingilis dili və ədəbiyyatı)
  • İxtisas qrupu: III
  • Fakültə: Humanitar və sosial elmlər
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2700 AZN

Filologiya (ingilis dili və ədəbiyyatı)

Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası ingilis dilinin quruluşunu, inkişaf tarixini və müasir işlənmə xüsusiyyətlərini, ingilisdilli ədəbiyyatın müxtəlif dövrlərini, janrlarını və əsas nümayəndələrinin yaradıcılığını öyrənir. İxtisasın əsas məqsədi ingilis dili və ədəbiyyatı üzrə nəzəri və praktiki biliklərə malik, dil və mətnlə peşəkar işləmək bacarığı olan mütəxəssislər hazırlamaqdır.

Təhsil

Tələbələr dilçilik və ədəbiyyatşünaslığın əsas anlayışlarını, ingilis dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərini, dilin tarixi inkişafını, ingilisdilli ədəbiyyatın əsas mərhələlərini və ədəbi cərəyanları öyrənir, bədii və elmi mətnləri dil, üslub və məzmun baxımından təhlil etmək bacarığı qazanırlar. Tədris prosesində ingilis dilinin müxtəlif kommunikativ mühitlərdə istifadəsi, ədəbi mətnlərin təhlili və ingilisdilli mədəniyyətlərin xüsusiyyətləri də nəzərdən keçirilir. Tələbələrə  ingilis dilindən peşəkar və akademik məqsədlərlə istifadə, mənbələrlə işləmə və müxtəlif mətnlərin hazırlanması kimi bacarıqların qazandırılmasına da diqqət yetirilir.

Karyera imkanları

Məzunlar təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, beynəlxalq təşkilatlarda və qeyri-hökumət təşkilatlarında, tərcümə, dil və ədəbiyyatyönümlü sahələrdə fəaliyyət göstərə bilərlər. Dil və tədris mərkəzlərində müəllim, tərcümə və redaktə sahəsində mütəxəssis, nəşriyyat və media qurumlarında redaktor və mətn müəllifi kimi çalışa bilərlər. 

İxtisasın gələcəyi

Rəqəmsal media, beynəlxalq kommunikasiya, tərcümə və mətn istehsalının genişlənməsi ingilis dili və ədəbiyyatı üzrə mütəxəssislərə yeni fəaliyyət sahələri yaradır. Süni intellektin mətn yaratmaq imkanlarının inkişafı isə ingilis dilində hazırlanmış mətnlərin keyfiyyətinin, üslubunun və məzmununun qiymətləndirilməsi, redaktəsi və müxtəlif auditoriyalara uyğunlaşdırılması kimi işlərdə filoloqların rolunu aktuallaşdırır. Beləliklə, texnologiyanın inkişafı ingilis dili və ədəbiyyatı üzrə mütəxəssislərin fəaliyyət sahələrini məhdudlaşdırmaq əvəzinə, onların dil və mətn üzrə biliklərini yeni rəqəmsal və yaradıcı istiqamətlərdə tətbiq etmələri üçün zəmin yaradır.

  • Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının Təhsil Proqramını BURADAN görə bilərsiniz
  • Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının Tədris Planını BURADAN görə bilərsiniz