Mühasibat ixtisası müəssisələrin maliyyə uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və vergi uçotunun təşkili sahəsində mütəxəssislər hazırlayır. İxtisasın məqsədi şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqların aşılanmasıdır. Bu sahəni seçmək istəyən abituriyentlərdə diqqətlilik, dəqiqlik, analitik və riyazi düşünmə, məsuliyyət və rəqəmlərlə işləməyə marağın olması üstünlükdür.
Təhsil
Tələbələrə maliyyə uçotu, idarəetmə uçotu, audit, vergi sistemi, maliyyə hesabatları, Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS), iqtisadi təhlil və maliyyə nəzarəti tədris olunur.
Karyera imkanları
Məzunlar dövlət və özəl müəssisələrdə, banklarda, audit və konsaltinq şirkətlərində, vergi sahəsində və beynəlxalq şirkətlərdə mühasib, auditor, maliyyə nəzarətçisi və vergi üzrə müxtəlif vəzifələrdə çalışa bilərlər.
İxtisasın gələcəyi
Mühasibat uçotu bütün müəssisələr üçün zəruri fəaliyyət sahəsi olduğundan peşəkar mühasiblərə və auditorlara əmək bazarında daim yüksək tələbat mövcuddur.