Müasir dövrdə dövlət qurumları və özəl sektor şirkətləri getdikcə daha çox informasiyanın məxfiliyini təmin etmək, məlumatlara icazəsiz girişin qarşısını almaq, kompüter sistemləri və şəbəkələrini kənar müdaxilələrdən qorumaq ehtiyacı ilə üzləşirlər. Məlumatların hərtərəfli qorunmasını təmin etmək vəzifəsi informasiya təhlükəsizliyi mütəxəssisinin çiyinlərinə düşür. Bu peşə informasiya texnologiyaları və təhlükəsizlik texnologiyalarının birləşməsindən meydana gəlmişdir.
İxtisas informasiya sistemlərinin, kompüter şəbəkələrinin və rəqəmsal məlumatların kibertəhdidlərdən qorunmasını təmin edən mütəxəssislərin hazırlanmasına yönəlib. Tələbələr müasir kibertəhlükəsizlik texnologiyalarını və məlumatların təhlükəsiz idarə edilməsini öyrənirlər.
Təhsil
Bu ixtisasda təhsil alan tələbələr informasiya təhlükəsizliyinin əsasları, kompüter təhlükəsizliyi, informasiya təhlükəsizliyi üçün proqram və texniki təminatı, informasiya təhlükəsizliyinin şifrələnməsi üsulları, informasiya təhlükəsizliyinin təşkilati və hüquqi təminatı kimi biliklərə yiyələnirlər.
Karyera imkanları
Məzunlar dövlət qurumlarında, bank və maliyyə sektorunda, İT və telekommunikasiya şirkətlərində, kibertəhlükəsizlik mərkəzlərində, beynəlxalq təşkilatlarda və digər müəssisələrdə informasiya təhlükəsizliyi üzrə mütəxəssis, kibertəhlükəsizlik analitiki, təhlükəsizlik auditoru, sistem və şəbəkə təhlükəsizliyi inzibatçısı kimi fəaliyyət göstərə bilərlər.
İxtisasın gələcəyi
Kompüterin insan fəaliyyətinin hər sahəsinə nüfuz etdiyi, texnologiyanın həyatımızda mühüm yer tutduğu bu dövrdə ixtisasın gələcəyi olduqca parlaqdır. Kibercinayətlərin artması və rəqəmsallaşmanın sürətlənməsi informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə tələbatı davamlı şəkildə artırır.